İNSAN YALAN DANIŞIR
Qara sözlə, ağ sözün Yeri dəyişik düşür; Yalançının dilindən Söz düşür - düşük düşür, - İnsan yalan danışır... İnsan yalan danışır - Zaman yalan danışır; Zaman yalan danışır, İnsan yalan danışır. Zaman uda bilmir bu yalanları, Bəzən duya bilmir bu yalanları, Zaman yuya bilmir bu yalanları, Zaman küləklərə qoşur yalanı, Üfüqlər illərə qatır yalanı, Qara, ağ yalanı, çopur yalanı. Hardandı bu qədər yalan doğanlar? Yalanı doğan var! Boğan da varmı? Elin zirzəmili ürəkləri bir, Qalxın ağ gəmili ürəklərə bir. Yalan tarlasıdır bəy yalanları, Göy-göy də biçirik göy yalanları. Qorxun, yalançılar, qorxun yalandan, Qorxun həm satandan, həm də alandan, Açıbdı ağzını əjdaha kimi, Gələr dalımızca - haraya getsək. Kəsər qarşımızı harda dayansaq, Dönər dar dalana haraya dönsək. Dönər ağ yastığa qara yalanlar, Nə qədər istəsən başını qoy yat; "Sözdür", nə satan var, nə də alan var, Özün al, özün sat, özünü aldat. Bəzən yalançıya gülər yalanlar, Böyürər, mələyər, hürər yalanlar. Qorxun, yalançılar, qorxun yalandan, Qorxun, həm satandan, həm də alandan. Qorxuram bir səhər sökülməyə dan, Haşa yalançıdan, haşa, bu dünya, Qorxuram bu yalan ağırlığından Qopub məhvərindən, aşa bu dünya.
1995-1996
|
|