|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Söhrab   TAHİR

ŞAİR   DOSTUM  MƏMMƏD    ARAZ

Məmməd Arazı Moskvaya yola salıb evə qayıtdım. Birdən mənə elə gəldi ki, qatar yola düşəndə şair kövrələn kimi oldu. Niyə də kövrəlməliydi?  Moskvaya gedirdi, orada bizim qələm dostlarımız onun yolunu gözləyirdilər. Onların çoxusu  1959 – 61-ci illərdə bizimlə birlikdə M. Qorki adına Ali Ədəbiyyat kursunda təhsil almışdılar. Bizə çox yaxın və doğma idilər. Bəs, Məmməd Araz nə üçün kövrəlirdi. Ayrılıq həmişə kövrəklik yaradır. Şair neçə il qabaq bu vəziyyəti özü belə təsvir etmişdi:
            Bəlkə bu yerlərə bir də gəlmədim,
            Duman, salamat qal, dağ, salamat qal.
            Dalımca su səpir yoxsa buludlar, -
            Leysan, salamat qal, yağ, salamat qal.
Çoxdan idi ki, şer yazmırdım. Ədəbi məqalə, mütaliə məni həmişə poeziya aləmindən bir qədər sapdırır. Şerin ilham pərisi şairi hər şeyə qısqanır. O, həm də küsəyəndir. Belə vaxtlarda yenidən poetik düşüncə simləri üstündə köklənmək üçün sevdiyim şairləri təkrar mütaliə etmək kifayətdir. Məmməd Araz yaradıcılığı bu cəhətdən mənə çox kömək edir. Onun poetik təfəkkürü zəngindir. Şairin məqsəd və qayələrindəki bədii sərrastlıq xoşuma gəlir. Onun Füzuliyə, Sabirə, Cabbarlıya, Vurğuna, Şəhriyara, Gülə, Ələkbərova və digər məşhur adamlara müraciətlə yazdığı şerlərdə bu məziyyətlər dərhal nəzərə çarpır.
 Füzuliyə həsr etdiyi “Səba yeli” şerində Füzulinin bəşəri tənhalığı və faciəsini şair belə təqdim edir:
            Hanı vəfalı yar, sevdalı canan,
            Niyə bir həmdəmin yoxundu, şair?
            Bəlkə külək deyil qapını açan,
            Evinə sığmayan ahındı, şair?

            Şöhrətin düşdükcə obaya, elə
            Zaman varlığını sıxır, şairim.
            Belədir, həmişə ağır zəlzələ
            Ən uca dağları yıxır, şairim.
Məmməd Araz bu şeri hələ 20 il bundan əvvəl yazmışdır.
Yadımdadır, şair ədəbi mühitimizə və geniş oxucu auditoriyasına  ilk qələm sınaqları olan “Üç oğul anası” poeması və  “Qaranquş” şerilə daxil oldu. Bu əsərlərdəki bədii kəsər və təlatüm sonrakı illərdə şairin yaradıcılığında daha da güclənib qüdrətləndi. “Qaranquş” və “Oxu kitabında”kı şıltaq uşaqlıq və bədii ötkəmlik “Naməlum qadın” ünvanı ilə yaranmış sevgi lirikasındakı çılğın gənclik ehtirası get-gedə, coşqun bədii idrak mərhələsinə, “Məndən ötdü, qardaşıma dəydi”, “Dünya sənin, dünya mənim” və son vaxtlar yazdığı digər əsərlərin təfəkkür mərhələsinə çatdı. Bu mərhələlərin keçidində  şairin iki kitabı daha böyük rol oynadı – ötkəm və şıltaq uşaqlıqdan çılğın ehtiraslar lirikasına “Ömür karvanı”, coşqun bədii idrak poeziyası mərhələsinə isə “Qanadlı qayalar”.
Şairin yaradıcılığındakı bu inkişaf prosesi mərhələləri ayrılıqda Məmməd Araz poeziya nəslinin xüsusiyyətlərini, ədəbi-bədii, estetik mənbələrini, təsir və təbliğ dərəcəsini dərindən öyrənmək üçün poeziyanın ciddi tədqiqat işinə çevrilə bilər.
“Qaranquş”dakı peşman uşaqlıq, “Naməlum qadın”dakı valehlik və çılğınlıq artıq öz yerini epik bədii təfəkkürün məhsulu olan “Paslı qılınc”a və lirik fəlsəfi planda yazılmış “Atamın kitabı” poemasına vermişdir. Lakin “Qaranquş” şerindəki uşaqlığın təsviri hara, “Atamın kitabı” poemasındakı uşaqlığın təsviri hara?  “Qaranquş”da yuvalarını dağıtdığı, lakin öz işindən peşman olan lirik qəhrəman quşları öz mərhəmətinin qanadları altına almaq istəyirsə, “Atamın kitabı” poemasındakı lirik qəhrəman həyatın dərin ictimai, fəlsəfi məsələlərinə müdaxilə edir. Hər iki əsərdə şair öz uşaqlıq və gənclik həyatındakı müşahidələrdən söhbət açır. Ancaq nə böyük ədəbi və bədii fərqlə.
Məmməd Araz yaradıcılığındakı bədii inkişaf prosesi mərhələlərini təkcə bu iki əsərlə, onların bədii dəyərinin şərhi, təhlili və bədii müqayisəsi ilə geniş şəkildə açmaq mümkündür.
“Atamın kitabı” poemasında iki nəslin düşüncə və həyat tərzi gözəl və real müqayisədə və nisbətdə, real məişət şəraitində qələmə alınmışdır. Bu iki nəslin arasında 60 il fərq olsa da onlar hadisə, predmet və məfhumlara göstərdikləri münasibətlərdə bir-birlərilə kəskin fərqlənsələr də, bir ali məqsəd uğrundakı mübarizə prosesində birləşib eyniləşirlər. Bu da insan səadəti naminə vəhşi təbiətlə mübarizə, onu əməkçi insanın iqtidarlı əllərilə cilovlamaq uğrunda gedən mübarizədir. Şair bu iki nəslin nümayəndəsinin simasında təcrübə ilə elmin imkanlarını və onların birləşməsini, bu birlik nəticəsində vəhşi təbiətin diz çökdürülməsini poetik ricətlər, haşiyələr, müqayisələr, təhkiyələrlə verə bilmişdir.
Ata taleinin, onun təbiət üzərindəki qələbə sevincinin, onun bəzən haqlı gileylərinin təbii axarı poemadakı realizmi təmin etmişdir.  Şair atanı ölməzlik timsalı kimi qələmə almışdır. Ata zəhmət, sevinc, işıq qədər ölməzdir. Atanın bədii səciyyəsi və fərdi xüsusiyyətləri ilə təbiətin şıltaqlığı və səxavəti biri-birinə həddindən artıq yaxındır və bəlkə də eynidir. Ata ilə təbiət vəhdətdədir. Onun təsvirinin bir hissəsinə baxın:
            Bir onu bilib ki, çöl də bir evdir,
            Torpaq uşaq kimi ələ baxandır.
            Özünü ata da, itə də sevdir,
            Əl günəş, qalan şey günəbaxandır.
            O əllər mənim ilk əlifbam oldu.
            Torpağı çöl-çöl, dərəbədərə
                               Oxutdu mənə.
            Çayları bənd-bənd,
                                                   bərə-bərə.
                                                   Oxutdu mənə.            
            Çiyni ot şələli,
                                                   odun şələli,
            Uçurumu, yoxuşu oxutdu mənə.
Cahan Mahmud qızı, Camal surətləri qismən ötəri olsalar da oxucunun hafizəsində dərin iz buraxır. Torpaq ata, zəhmət ata, qeyrət ata. Budur atanın kitabı. Budur zəhmətkeş insanın mənəvi-bədii avtobioqrafiyası. Poemanı zənginləşdirən və daha çox xəlqiləşdirən bayatılar, qoşmalar, holavarlar kənd həyatının təsvirlərinin mürəkkəb çalarlarında aydınlığa xidmət edir.
Ata “ağköynək” cavanlardan gileylənir. O, torpağa bağlanmayan, zəhmətə qatlaşmayan cavanların sabahına da şübhə ilə baxır. Kolxoz sədrilə söhbətində deyir:
            Ağıllat bu kənddə ağköynəkləri,
            Ağlı saçlarından gödəklər,nələr...
            Bu yalın-yamacın kəpənəkləri
            Onlardan işləkdi, gərəklidir.

            Nə qədər çoxalıb qazlı cavanlar,
            Bir daşın cavabı bir daşdı vallah.
            Bu gün kərəntidən yapışmayanlar,
            Sabah tüfəngdən də yapışmayacaq.

            Bir ayağı kənddə, biri şəhərdə,
            Ipini bu yurda bağlamaz onlar.
            Nə bilim olmasa bu dədələr də
            Şalvarı belində saxlamaz onlar.
Əsərdə təbiət hadisələrilə təsərrüfat işlərinin həmahəng, bədii şəkildə uzlaşdırılması, insan zəhmətinin təntənəsinin təsviri, od, qonşu, kənd, oba dostluğunun müqəddəsliyi, ər-arvad, ağsaqqal, ata-oğul munisliyi, kəndə gələn işığın Leninlə, Nərimanovla, Sabirlə bağlanması və digər bu kimi ədəbi-bədii məziyyətlər bizə haqq verir ki, bu poemanı son illərdə ədəbiyyatımızda yaranan dərin xəlqi əsərlərdən biri hesab edək. Bu əsər bir daha isbat edir ki, Məmməd Araz torpağın təbiətini, quruluşunu, kənd həyatının gözəlliklərini və qismən təsərrüfat çətinliklərini, dağların, dərələrin, çayların və ümumən təbiət hadisələrinin sirlərini çox yaxşı bilir.
Yeri gəlmişkən deyim ki, Məmməd Araz coğrafiya fakültəsinin məzunudur. Təbiət hadisələrini, bu sahədəki elmi problemləri müəllim kimi və ya şair kimi izah, şərh edəndə şairin zövq və biliyinə həmişə heyran olmuşam. Bir daha yeri gəlmişkən deyim ki,  Məmməd Arazın SSRİ Yazıçılar İttifaqına qəbul məsələsi müzakirə olunan zaman mən də Azərbaycan Yazıçılar İttifaqı rəyasət həyətinin iclasında iştirak edirdim. Mərhum yazıçımız Mehdi Hüseyn, xalq yazıçılarımız Mirzə İbrahimov, Əli Vəliyev və digər məşhur ədib və şairlər o zaman hələ çox gənc olan Məmməd Araz yaradıcılığının müxtəlif istiqamətlərindən danışıb onu təqdir etdilər. Söhbət zamanı M. Ibrahimov soruşdu:
- Məmməd haranı qurtarıb?
Mehdi Hüseyn qabağındakı sənədlərə baxdı. Əli Vəliyev isə onu qabaqlayıb cavab verdi:
-- V.İ. Lenin adına Pedaqoji İnstitutunun coğrafiya fakültəsini.
Mirzə müəllim gülə-gülə dedi:
--Hə, deyirəm axı, qardaş, dönmə yaman olar.
Mirzə İbrahimov “dönmə” dedikdə coğrafiyaşünaslıqdan ədiblik sənətinə doğru dönüşü nəzərdə tuturdu. Bu da Məmməd Araz yaradıcılığında çox uğurlu bir şəkildə meydana çıxmışdır.     
Məmməd Araz təbiəti çox yaxşı bilir. Təbiəti bilmək hələ azdır, onu danışdırmaq, mənalandırmaq, potik zirvəyə çevirmək yaradıcılıq üçün əsas şərtdir.
Biz Məmməd Arazla tez-tez səfərə çıxarıq. O, təbiətin ən gözəl guşələrilə üz-üzə dayananda həmişə mənə tərəf əyilib yavaşca deyir: - Söhrab, nə yaxşı yerdir. Burada bir ev tikəsən, hərdən şəhərin hay-küyündən qaçıb buraya gələsən, yarımçıq əsərlərini tökəsən qabağına, nə olar.
Bu söhbətlərə əsasən desəm ki, biz Azərbaycanda və ümumiyyətlə, Sovet İttifaqının ən mənzərəli yerlərində indiyə qədər 50 – dən çox “ev tikmişik”, düz olar. Şuşada, Zaqatalada, Lənkaranda, Leninqradda, Moskva və Moskva ətrafı mənzərəli yerlərdə bizim arzu evlərimizin yeri boş qalmışdır. Ancaq buna təəssüf etmirəm və cəsarətlə deyərdim ki, dostum Məmməd Araz bəşərin ən məhrəm guşəsi olan insan ürəyində arzuladığı evləri tikmişdir. Minlərin və milyonların ürəyində tikilən bu poeziya evi şairin arzuladığı kimi istirahət üçün deyil, ömür boyu oxuculara yaradıcılıq hesabatı vermək üçün ucaldılmışdır. Bu poeziya evlərinin fəxri ailə üzvləri isə poetik məhəbbət, inam, cəsarət və həsrətdir.
Şairin 44 yaşı vardır. Onu şəxsən görməyənlər, ancaq onun bəşəri mövzularda yazdıqlarını oxuyanlar şairi yaşlı təsəvvür edə bilər. Çünki Məmməd Arazın bu mövzuda yazdığı əsərlərdə bədii idrak, lirik fəlsəfə təqdirəlayiqdir. Burada şair ictimai həyatımızdakı problemlərin bədii həllinin yollarını araşdırır. Həmişə sual altında qalan bəzi dünyavi məsələləri sual altından götürüb bədii şərh kürsüsündə “oturdur”.  Şairin sosioloji məsələlərə fəal müraciəti onları inkişafda olan qüvvələrin, mütərəqqi bəşəriyyətin ictimai mövqeyindən həll etmək cəhdi onun ictimai-siyasi mövqeyinin fəallığını sübut etməkdədir.
Vətən, ana, övlad məhəbbəti, hicran, ucalıq, tərif, mərdlik və digər bu kimi bəşəri mövzular şairin qələm “projektorunun” altındadır:
            Azərbaycan – mayası nur, qayəsi nur ki,
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan!” deyiləndə ayağa dur ki,
            Füzulinin ürəyinə toxuna bilər.
Belə coşqun əhval-ruhiyyə ilə yanaşı şair kövrəlməyi, kövrəltməyi də bacarır.
            Mən getsəm, dərələr, dağlar qalacaq,
            Meşələr, çəmənlər, bağlar qalacaq.
            Buludlar qalacaq, ağlar qalacaq,
            Ey mənim yaşamaq, yazmaq həvəsim,
            Tək səni özümlə aparasıyam

            Hələ uçqunlara indi tanışam,
            Hələ nə ərkim var belə danışam.
            Sınıq qayaları yamamamışam,
            Vətən daşlarına düşməyən əksim,
            Mən səni özümlə aparasıyam.
Şairin kövrəkliyi ilə yanaşı oxucunu öz istəklərində inadcıl olmağa çağırır. Buna görə də bəzən ömrün, həyatın mürəkkəbliyindən söz açır:
            Arabir ürəyin hökmündən daşın,
            Arabir sən ağlın ağzını ara.
            Təmkinsiz əllərdən atılan daşın,
            Özü də pillədir çox azğınlara.

            Çəkməli olsan da boş yüyənləri
            Üzəngi basmaqdan özünü saxla.
            Bircə şapalağa dəyməyənləri
            Hörmətə mindirmə bir şapalaqla.

            Hər gün də nur umma nur dağlarından,
            Ömürdə hər günü düzməzlər sapa.
            Çox “qızıl baxtların” budaqlarından
            Qızıl yarpaqları tökəcək sabah.
Oxucunu inama, səbr və təmkinə çağıran şair “Mən getsəm” şerində özünə qarşı bir növ inamsız və səbirsizdir. “Vətən daşlarına düşməyən əksim, mən səni özümlə aparasıyam” deyir. Şairin lirik qəhrəmanının ziddiyyətli və təlatümlü daxili aləmi məhz bu mövzularda yazılmış əsərlərdə daha aydın və sərrast təsirə malikdir. Bu qəhrəman dünyagörmüş, hadisələrin mərkəzindən köçməyi bacaran, təcrübəli, tədbirli, ehtiyatlı və fəal bir qəhrəmandır. Bu fəallıq onun xudbinliyində, obyektivliyində və humanizmindədir.
            Aldada bilirəm özümü hərdən,
            Özümə xoş gəlir bu qəbahətim.
            ... Dönəcək gəncliyim uzaq səfərdən,
            Dönəcək, yanında ilk məhəbbətim.

            Yüyən gəmirəcək cavanlıq atım,
            Subay gündəliyim hələ ki ağdır.
            Zaman saçlarımdan ağ zarafatı,
            Utana-utana  aparacaqdır.

            Inana bilmirəm ölüm haqq ola,
            Torpaq rəssam uda, bəstəkar uda.
            Ana dəfn oluna, gözəl qocala,
            Bəlkə bir səhnədir, əsərdir bu da.
Xalqımızın nəcib xüsusiyyətləri, gözəl adət və ənənələri, odun-ocağın müqəddəsliyi yüksək pafosla tərənnüm edildiyi halda, xalqda vaxtı keçmiş və müasir həyatla ayaqlaşa bilməyən adətlər və cəhətlər, inkişafa mane olan köhnəliklər “Məndən ötdü, qardaşıma dəydi”, “Kəhər at” poeziya “qırmanclarına” tutulur. Cıdırda ağsaqqalın atını keçməsin deyə, quş kimi qanad açan kəhərinin cilovunu gizlicə dartmağa məcbur olan cavanın öz atına yazığı gəlir:
            
                       “Dedim böyükləri keçmə qabağa,
            Qabaqkı təpikcil atlara da bax”.
            Yazıq kəhərimi qulaq qırpmağa,
            Qoymazdım qabaqkı atlardan qabaq.

            Mənim baş aparan şair ilhamım,
            Qəzəblər, cilovlar görəndən bəri,
            Qınaya bilmirəm qoca atamı,
            Unuda bilmirəm yazıq kəhəri.
Hardasa ata öz qızını filankəsə ərə getməyə məcbur etmişdir. Hardasa gənc ata öz körpəsini öz atası yanında qucağına götürməyi qəbahət hesab edir. Ağsaqqal yanında gərək gənclər danışmasın, hətta mübahisəli məsələ olsa da. Bütün bu ehkam və köhnəliklər Məmməd Arazın çoxcəhətli yaradıcılığında gerilik kimi göstərilir və gülüş, qəzəb hədəfinə qoyulur. 
Azərbaycan ailəsində ağsaqqal və ağbirçək hüququ müqəddəs hesab olunur. Ağsaqqal olan yerdə hər kəs öz yerini bilir. Ailə həyatındakı düyünlü məsələlərin bəziləri sağlam atmosfer olduqda öz həllini tapır. Lakin ağsaqqal hər bir şeydə özünün köhnə ölçü vahidini və münasibətlərini təkid etdikdə o, mühitdəki yararlı, yaradıcı qüvvəni bir növ məhdudlaşdırır, şəxsiyyətin yaranmasına və inkişafına mane olur.
Bizi işığa, yeniliyə, yüksəlişə sövq edən həqiqi ağsaqqalla bizi geriyə, köhnəliyə dartan “ağsaqqal”, “Qəbristana gedən gəlin” şerinin optimist çağırışında da öz həqiqi qiymətini tapmışdır.
“Anamdan yadigar nəğmələr” silsiləsi də məhz ağsaqqalın və ağbirçəyin həyatdakı müsbət rolundan söhbət açır. Buradakı ana ülvilik, təmizlik, gözəllik rəmzi kimi tərənnüm edilmişdir. “Ana itirmişəm ana yaşında”kı fəlsəfi ümumiləşdirmə bizə haqq verir ki, bu silsilədən olan şerləri həm də ana haqda son illərdə yazılmış əsərlərin ən yaxşıları sırasına daxil edək.
Məmməd Araz tərifdən çəkinən və qismən də qorxan şairdir. Onun yaradıcılığında bir neçə şer məhz bu motivdə yazılıb. Məmməd Araz bu yolu həm şerlərində, həm də şəxsi həyatında gözəl bir ənənəyə çevirmək istəyir. Bəlkə də görüşlərdə, yubiley və ədəbi müzakirələrdə şair kimlərin münasibətlərlə tərifləndiyinin və ya belə təriflərin hansı istedadısa sıradan çıxartdığının acı nəticələrinin şahidi olmuşdur. Elə bunun üçün də o, tərifdən bezardır. “Tərifdən qorxuram”, “Tərifsiz”, “Bu tərifə inansam”, “Bir natiqə tövsiyə” şerləri bu mənada çox ibrətamizdir.
            Tərifdən qorxuram, qorxuram yaman,
            Onun fitnəsindən bac almalıyam.
            Yoluma gül səpən tərif yanından,
            Saymazca keçməyi bacarmalıyam.
            Arabir gözümə qonmayır çimir,
            Tərifin nə qədər behişt bağı var.
            Tərifin şirindil müsahib kimi
            Yolçunu yolundan saxlamağı var.
Bir dəfə V.İ. Lenin adına  Pedaqoji İnstitutuna, Məmməd Arazın ədəbi görüş gecəsinə dəvət olunmuşdum. Görüş başlanan kimi şair özü çıxış edib hamıdan xahiş etdi ki, çıxış vaxtı ona əl çalmasınlar. Sonra da üzünü bizə tutub dedi ki, onu tribunadan tərifləməyək. Çoxları Məmməd Arazın bu ciddi tələblərini təəccüblə qarşıladı. Ancaq mən bilirdim ki, bu, şairin təbiətindən və əxlaq proqramından doğan bir tələbdir. Görüş həmişəki coşqunluğunu itirsə də mənalı keçdi. Görüşdən sonra biz sahilkənarı parkda söhbət edirdik. Dedim:
-- Sən salondakı poeziya həvəskarlarının alqış hüququnu və həvəsini məhdudlaşdırmaqda haqlı deyildin.
Məmməd dedi:
-- Alqış tufanında yaxşı ilə pis biri-birindən o qədər də fərqlənmir.
-- Axı tamaşaçı və ya oxucu da öz hisslərini ümumi görüşlərdə alqışla bildirir.
-- Qoy oxucular sakit oturub dinləməyi öyrənsinlər. Mən Baltik sahili ölkələrində tamaşaçıları belə görmüşəm və bəyənmişəm. Tamaşaçı görüşə zövq almağa gəlir, tufan qoparmağa yox.
-- Hər xalqın öz xüsusiyyəti vardır. Bizim də oxucuların coşqunluğu onun xüsusiyyətidir.
-- Çoxları aldanır, elə bilir ki, alqış varsa, deməli onda poeziyaya məxsus bütün üstünlüklər də vardır.
-- Şairlər alqışa aldanırsa, oxucu coşqunluğunun burada heç bir təqsiri yoxdur.
Bir sözlə, biz bu məsələni uzun müddət götür-qoy etdik. Söhbət zamanı düşünürdüm ki, Məmməd Araz yalnız həddini aşan, ünvana qəti uyğun olmayan təriflərdən bezardır. Lakin obyektiv ədəbi şərh və təhlil həmişə onda bir ruhi sakitlik əmələ gətirir. Məqsədli tənqiddən də sensasiya kimi istifadə edib rəy yaratmaq isə boş və ünvansız tərifdən də qorxuludur. Bu da yalançı şöhrətin əsasını qoyur. Məncə, mətbuatda yaxşı bir əsərin çap olunması zəif əsər çap etdirmiş müəllifdə mütləq tənqidi münasibət əmələ gətirir. Ağıllı müəllif üçün bu, gözəl və obyektiv tənqiddir.
Məmməd Arazın yaradıcılığında əsas leytmotiv taledir. Vətən taleyi, insan taleyi, bəşər taleyi, təbiət və gözəllik taleyi, sevgi taleyi. Şair tale leytmotivini müxtəlif cəhətlərdən, münasibətlərdən, istiqamətlərdən işıqlandırır. Onun güclü bədii təfəkkürü bu mövzu istiqamətində daha çox qol-qanad aça bilir.
Azərbaycan xalqının azadlıq taleyi çətin və ağır sınaqlardan keçərək özünün təntənəli qələbəsi dövrünə çatmışdır. Vaxtı ilə xalqı soyan, onun adından danışan xarici burjua soyğunçularını şair “Nobel mükafatı” şerində yüksək poeziya tribunasından ifşa etmişdir. O, Nobelə müraciətlə yazır:
            Gör, kimin evinin daşı-divarı,
            Soyulub kim üçün cah-cəlal oldu.
            Sorulub Bakının şah damarları
            Nobel banklarında mükafat oldu.

            Demirəm, dayandır mükafatını,
            Deyirəm: çıxarma bunu yadından.
            Kimin alıntəri, ürək qanını,
            Mükafat verirsən kimin adından.
Bu tarixi ittihamla yanaşı şair xalqının azadlıq andını yada salır. Ictimai soyğunçuluğa, qarətə və istismara son qoyan bu böyük azadlığı təqdir edir.
            Tarix hökm elədi qaranquş kimi,
            Bahara səslədik bu elləri biz.
            Sapanda qoyulan qara daş kimi
            Atdıq yurdumuzdan nobelləri biz.
Xalqın azadlıq, mübarizə tarixini göstərən “Nobel mükafatı” şerinin mövzu silsiləsinə bir çox əsərlər, o cümlədən “General kəndinə məktub”, “Bakı fəhləsi”, “Arpaçay nəğməsi”, “Əsəd əmi”, “Bayram çiçəkləri”, “Fəhlə süfrəsi”, “Nifrət aktı”, “Biz deyirik”, “Oxu, moldavan qızı”, “Naməlum qəhrəman” və s. bu kimi əsərlər daxildir. Bu şerlərin hamısı vətənin, bəşərin ictimai-siyasi taleyindən danışır.
1961-ci ildə Məmməd Arazla Leninqrad səfərinə çıxdıq. Fikrimiz var idi ki, Leninqradı, onun ətraf mənzərələrini, tarixi yerlərini və abidələrini gördükdən sonra müxtəlif mövzularda şerlər yazaq. Ancaq biz deyən kimi olmadı. Leninqradda birinci gün rəsmi işlərlə məşğul olduq. Sabahı gün Məmməd qrip xəstəliyinə tutuldu. Onu xəstəxanaya apardılar. Bizim səyahət planımız, demək olar ki, pozuldu. Leninqradda 7 gün qaldıq. Bu müddət ərzində Məmməd müalicə olundu. Mən də hərdən vaxt tapıb tarixi abidələrin və muzeylərin görüşünə tələsdim. Moskvaya qayıtmağımıza bir gün qalmış Məmməd Araz xəstəxanadan buraxıldı. Neçə ay bu hadisədən keçdi. Mən o vaxt gördüklərim və duyduqlarım haqda heç nə yaza bilmədim. Məmməd Araz isə “Leninqrad şerləri silsiləsi” adı altında bir neçə yaxşı əsər yazdı. Onları mətbuatda oxuyarkən şairin bədii təxəyyülünün gücünə, onun Leninqrad haqqındakı geniş məlumatına və romantik ruhuna heyran qaldım. Bu şerlər təkcə Leninqrad haqda deyil, ümumən Sovet xalqının müharibə illərindəki döyüşkən əzmi, qələbə eşqi haqda idi. “Yaralı şir”, “Bir almanla tanış oldum”, “Tunc atlı” şerləri poeziyamızda yaxşı əsərlər kimi yad edilir. Vaxtı ilə Leninqrada faşist kimi, indi isə səyyah kimi gələn bir alman zabitinin sarsıntısını şair belə verir:
            Anaların gözlərinə baxmıram ki mən
            Tanıyarlar, gözlərinə qəm enə bilər.
            Yeriyirəm, geri dönüb baxmıram, birdən
            Keçmişlərim gözlərimə görünə bilər.

            Qan tökməyi, ev yıxmağı şan-şöhrət bilib
            Mənim kimi gec ayıldı nə qədər alman.
            Nə gizlədim havalanmış at kimi gəlib,
            Yal-quyruğu qırxıq döndük geriyə burdan.

            Deməyin ki, ötən günlər yadımdan çıxıb,
            Deməyin ki, adi səyyah, adi qonağam.
            O atdığım güllələrdən axtarıb, yığıb
            Öz sinəmdə ağrı kimi aparacağam.
“Yaralı şir” şerində bu çağırış, bu etiraf, bu qəzəb, bu həyat eşqi hakimdir.
Məmməd Araz poeziya ordumuzun nümayəndələrinin birinci sırasında ləyaqətlə irəli addımlamaqdadır. Yaradıcılığının ən çiçəkli, ən məhsuldar və ən kamil  dövründə və oxucular arasında ən kütləvi auditoriyaya malik olduğu halda yenə də əvvəlki kimi təvazökardır. Gözə girmək, özü haqda icbari rəy yaratmaq, hay-küy qoparmaqla qəti arası yoxdur.
Məmməd Arazın son illərdə yazdığı və geniş oxucu auditoriyasını cəlb etdiyi bədii-publisistik məqalələri də onun ictimai fəaliyyətinin miqyasını aydın göstərməkdədir. Şairin bədii-publisist qələmi hadisələrə nüfuz və müdaxilə etmək, problemlərin həllində şairin elmi fikrinin əhəmiyyətini göstərmək, respublikanın qabaqcıl pambıqçıları, inşaatçıları, alim və iqtisadçılarının işlərindəki əsas müvəffəqiyyətlərin açarını tapmaq işində elmi-bədii dəyərə malikdir.
Şairin bu faydalı ictimai fəaliyyətinin üstündən sükutla keçmək olmaz. Onun qiymətli əsərlərini qiymətləndirmək hamımızın borcudur. Onları kitab halında çap etmək lazımdır.
Mən sevimli şairim Məmməd Araza tükənməyən yaradıcılıq enerjisi, sağlam ruh, hələ qabaqda olan böyük yaradıcılıq müvəffəqiyyətlərinə qəti inam arzulayıram. Inanıram ki, şair dostum yaradıcılığının indiki lirik-fəlsəfi, bədii idrak mərhələsində oxucularını yeni-yeni əsərlərlə sevindirəcək.

1978
   
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws