DOLAN ÜRƏK BOŞALMALIDIR
Aydın Həsənovun şairlə müsahibəsi
1987-ci il üçün Azərbaycan SSR Dövlət Mükafatına layiq görülənlər arasında sevimli şairimiz Məmməd Araz da vardır. Onun bu mükafatı almasına hamı ürəkdən inanırdı və nəhayət, çoxminli oxucuların gözlədikləri gün gəlib çatdı. Professor Qulu Xəlilovun dediyi kimi, Məmməd Araza «ana südü kimi halal olan» mükafat layiqli övladında ünvanlaşdı.
- Siz V.İ.Lenin adına APİ-nin coğrafiya fakültəsini bitirmisiniz. Necə oldu ki, bu peşəni seçdiniz?
- Orta məktəbdə ədəbiyyata böyük həvəsim var idi. İnşa yazmağı çox sevirdim. O vaxtlar indiki kimi şparqalka yox idi. Hələ bir fikir verin, heç şparqalka sözü əməlli-başlı adamın dilinə də yatmır. Bizdə olmadığından söz də dilimizdə olmayıb. Müəllim şagirdin əlində şparqalka tutsaydı, o dəqiqə sinifdən çıxarardı. Təəssüf ki, indi bəzi müəllimlər özləri buna şərait yaradırlar. Belə olanda şübhəsiz ki, savadlı şagirddən danışmaq çətindir. İndi bizim dünya miqyasına çıxan alimlərimizə daha çox ehtiyacımız var. Şagird təfəkkürünü inkişaf etdirmədən bu mümkün deyil.
İnstituta gələndə ədəbiyyat fakültəsinə gecikmişdim. Sənədlərimi coğrafiya fakültəsinə verdim, qəbul oldum. Tezliklə peşman oldum ki, nahaq yerə coğrafiya fakültəsinə getdim. Bura mənim yerim deyil. Daha mən şair ola bilməyəcəm. Gərək ədəbiyyat fakültəsində oxuyam ki, «böyük şair olam!»
Elə hey fikirləşirdim ki , buradan çıxıb ədəbiyyat fakültəsinə gedim. Sonralar məlum oldu ki, ədəbiyyat fakültəsində oxumasan da şair olmaq olar.
Doğulduğum Nurs kəndində bir il coğrafiya müəllimi işlədim. O vaxt müəllim yoldaşlarım gileylənirdilər ki, şagirdlər onların dərsində coğrafiyanı oxuyurlar. Az vaxtda belə qərara gəldim ki, müəllimin bir müvəffəqiyyəti də onun sərbəstliyindən asılıdır. Burada heç bir sərhədə lüzum görmürəm. Müəllim istədiyi vaxt şagirdlərini öyrətməlidir.
İki il ADU-nun jurnalistika fakültəsində oxumuşam. 1959-cu ildən Moskvada ali ədəbiyyat kurslarında təhsil almışam. Mən indi oranı təhsilin zirvəsi hesab edirəm. Çünki o zirvədən baxanda hər şey əl içi kimi görünürdü...
- Sizin dillər əzbəri olan şerləriniz var. Bunların necə yarandığı maraqlıdır.
- Bir oxucunun xahişi ilə şerlərimin yaranma tarixini yazıram. Çox maraqlı işdir, görək.
- Şerlərinizdən biri belə başlayır: «Vətən mənə oğul desəg». Sizcə, Vətən kimə oğul deməlidir?
- Yaxşı oğul qurar, yaradar, xalqın qeyrətini çəkər. Qeyrətin bir ölçüsü, həm də böyük bir ölçüsü doğulduğun torpağı sevmək, bu torpağı göz bəbəyi kimi qorumaqdır. Əsl oğul hər addımını yalnız və yalnız xalqının xeyri üçün atar. Vətənin taleyini düşünər. Vətən də qayıdıb belələrinə oğul deyər.
Bir də var, yalançı vətənpərvərlik. Beləsi oğul deyil. Məncə, heç övlad da deyil, Vətənə yükdür. Hər övlad da axı, oğulluq edə bilmir Vətənə!
- Məmməd müəllim, indi hər işə aşkarlığın tələblərindən yanaşılır. Biz həm də durğunluq illərini yaşamışıq axıg
- Mən ədəbiyyata asan yolla gəlməmişəm. Çətinliklərim lap başdan aşıb. Günahsız yerə incidilmişəm, cəzalandırılmışam. Gördüyünüz kimi, bu da mənə baha tamam olubg Haqsızlıqdan dəhşətli heç nə yoxdur. Bu haqsızlıq məni üç ay gecə-gündüzümdən eləyib. Amma inamımı itirməmişəm heç vaxt.
- Səhhətiniz yaradıcılığınıza mane olurmu?
- Yazmazdan əvvəl dərman içirəm. Misralar beynimdən keçir və gərək onu kağıza köçürəm. Lakin əlimin gücü çatmır. Ancaq nə etməli? Dolan ürək boşalmalıdır.
- Yaradıcılığınızdan ata ocağı, onun əzəməti, böyüklüyü əlvan rəngli bir xətt kimi keçir.
- Ata ocağı sülhün mərkəzidir. Əmin-amanlıqdır. Ata ocağından mənən heç vaxt getmək olmaz. Bu, mümkün deyil. Ancaq ata ocağından gedəndə onun odunu həm əlində, həm də ürəyində aparırsan, ömrün boyu ondan ilham alırsan, yaşayırsan. Həm də doğulduğun torpaq can dərmanıdır. Harda olsan bir üzün ona tərəfdir. Bu torpağın qədrini bilməsən, böyük günah edərsən, sonra da əzablara mübtəla olarsang Kəndimizdə yaşayış evi tikdirirəm, ancaq başa gəlmir ki, gəlmirg
- Hamını narahat edən problemə toxundunuz. Biz hamımız təbiətin qorunmasında fəal iştirak etməliyik. Bu işə başlanılıb. Elə bil ki, yuxudaydıq, ayılmışıq. Lakin həmin sahədə aparılan işlər hələ heç kimi təmin etmir. «Azərbaycan təbiəti» jurnalının baş redaktoru kimi bu barədə Sizin fikriniz maraqlı olar.
- Jurnal öz sözünü deyib, deyəcək də. Lakin bu problemlərdən eləsi var ki, təcili həll olunmalıdır. Sabah gec olar.
Xəzərin sahili ölüb. Bakı buxtası da. Xəzərin indi Aralın gününə düşmək qorxusu var. Onu tezliklə bəladan qurtarmaq lazımdır.
Torpaqlarımız su həsrəti ilə duzlaşır, onları gözümüz baxa-baxa itiririk. Məgər buna bizim haqqımız var?! Varsa, kim verib bu haqqı?!
Kür çayı elə çirkli axır ki, onun da faciəsi başlayıb, Araz da beləcə.
- Yaradıcılıq planlarınız?
- «Təsdiq olunmuş» elə bir planım yoxdur. Ürəyim deyəni yazıram!
- Müsahibə üçün çox sağ olun.
iyun, 1988